Masallı Rayonunda sahibkarların kütləvi narazılıqları!
22.12.2011İnsan Hüquqları üzrə Maarifləndirmə İB-yi Masallı Ziyalıları adından 200-nəfərədək şəxsin imzası ilə müraciət almışdır.
Kollektiv müraciətdə ciddi iddia və faktlara əsaslandıqlarını vurğulayan Masallı rayon sakinləri İcra Hakimiyyətinin Başçısının (Qəzənfər Ağayev) rayonda baş verən hüquq pozuntularında və özlərinə qarşı təhdid və təqiblərdə ittiham edirlər. 200 nəfər şəxsin imzaladığı kollektiv şikayətdə müraciət edənlər Masallı rayonunun 10-dan çox kəndində yaşayan vətəndaşlardır. 19 və 21 dekabr tarixlərində İHM-nin email ünvanına Massallıda rayonda baş verən hüquq pozuntularından Azərbaycan Respublikasının Prezidentinə, Nazirliklərə və sair təşkilatlara göndərdikləri müraciətlərinə lazımı qaydada baxılmadığına görə Masallın 10 kəndində 36 nəfərin iştirak etdiyi külətiv aclıq aksiyasına başladıqları haqqında məlumat göndərilmişdir. Bununla bərabər hal-hazırda aclıq aksiyası keçirənlərə qarşı kütləvi təzyiq və təhdidlərin olduğu iddia edilən müraciətdə bu aksiyaların onlara qarşı baş vermiş pozuntuların və özbaşınalıqların aradan qaldırılacağı tarixədək davam etdiriləcəyi bəyan edilməkdədir.
Masallı rayonundakı qanunla ümumi istifadədə olmalı olan su tutarlardan balıq ovunun icra hakimiyyətinin nəzarətində olmaqla fərdi şəxslərə verilməsi və kənd əhalisinin balıq ovlamasına qadağa qoyulması, rayonda biznes fəaliyyəti ilə məşğul olan Çingiz və Yavər Həşimovlara məxsus "Tərəvəz Bazarının" süni insident yaradılaraq onların əlindən alınması və həbs olunmaları, rayonun Digah, Babaser və Qarğalıq kimi su tutarlarında əhalinin balıq ovuna imkan verilməyərək fərdi şəxslərə verilməsinə, həmçinin, kəndlərə məxsus otlaq sahələrində süni su tutarların düzəldilməsi, və rayonda digər korrupsiya fəaliyyətlərinin mövcud olduğu iddia edilən kollektiv müraciətin iştirakçıları hal-hazırda bu şikayətlərindən imtina etmələri üçün onlara qarşı təhdid və təzyiqlərin olduğundan narahatlıqlarını ifadə edirlər.
İnsan Hüquqları üzrə Maarifləndirmə İB-yi son dövlərdə Azərbaycan Respublikasının bir sıra regionlarından vətəndaşların hüquqların yerli icra hakimiyyəti tərəfindən pozulması faktları ilə bağlı kollektiv müraciətlərin sayının artmasından narahatlığını ifadə edir.
Masallı rayonunda vətəndaşlar ilə yerli icra hakimiyyəti arasındakı mübahisəli məsələlərin obyektiv və qanuna uyğun araşdırılması və müəyyən edilməsinin korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin iştirakının vacibliyini ən yüksək səviyyədə ifadə etmiş dövlətin maraqlarına tam cavab verəcəyi qənaəti ilə son aylarda regionlarda əhalinin kütləvi narazılıqlarına səbəb olan iqtisadi, sosial hüquqların pozulması faktlarının araşdırılması və problemlərin həllinə dəstək olmağa çalışır.
Hesab edirik ki, artan kütləvi narazılıqların davam etməsi fonunda təhlükəli və narahat edici nəticələrinbaş verməməsi, həmçinin hüquqların daha möhkəm qorunması və hüquq pozuntularının obyektiv araşdırılması və əhalinin narahatlıqlarının aradan qaldırılması üçün mərkəzi icra hakimiyyəti orqanları tərəfindən maksimum səylərin göstərilməsi vacibdir.
Masallı rayonunda iddia edilən sonuncu hadisələrdən əlavə İnsan Hüquqları üzrə Maarifləndirmə İB-yi ATƏT-in Bakı Ofisinin dəstəyi ilə həyata keçirdiyi "Kiçik və Orta Sahibkarlar üçün Hüquqi Yardım Mərkəzləri" layihəsi çərçivəsində Bakı Hüquq Mərkəzi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərindən aldığı şikayət və müraciətlərin təhlili nəticəsində Masallı rayonunda dövlət qurumları və yerli təşkilatların iştirakı ilə tədbir keçirməyi qərara almışdır.
Bu cür tədbir 2012-ci ilin ilk aylarında Masallı rayonu da daaxil olmaqla bir neçə regionda dövlət qurumları ilə sahibkarlar arasında sosyal dialoq formatında görüşlərin keçirilməsi planlaşdırılır.











