ƏLVERIŞSİZ ŞƏRAİTDƏ YAŞAYAN UŞAQLAR ÜÇÜN TRENİNQ KURSLAR
01.09.2001 - 31.12.2001- Britaniya səfirliyinin DFİD-nin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.Layihənin məqsədi - əlverişsiz şəraitə düşmüş uşaqlar, qaçqın və ya məcburi köçkün uşaqlar üçün uşaq hüquqlarına dair treninq-kurslar keçmək, onların bu sahədə biliklərini artırmaq idi.
Layihənin benefisiantları – 4 saylı Zəngilan məcburi köçkün məktəbin 6-8-ci sinif şagirdləri, 6 saylı peşə liseyində isə 9-11-ci sinif şagirdləri idi. Benefisiantların sayı orta hesabla 110 nəfərə yaxın olmuşdur.
Treninq kursları iki məktəbdə – Bakıda məskunlaşmış 4 saylı Zəngilan məcburi köçkün məktəbi və 6 saylı Bakı peşə liseyində 4 ay ərzində professional trenerlər tərəfindən keçirilmişdir.
Orta ümumtəhsil məktəblərinin tədris proqramına xüsusi olaraq insan hüquqları, yaxud uşaq hüquqları ilə bağlı dərslər daxil edilmədiyi üçün uşaqların həmin sahəyə aid biliklərinin olmamağı, trenerlərin şagirdlərə keçiriləcək treninq-kursları sıfır səviyyəsindən, yəni elementar biliklərdən başlamağa məcbur etdi. Şagirdlərə uşaqların yaşamaq hüququ, ailədə yaşamaq və inkişaf etmək hüququ, təhsil hüququ və s. fundamental hüquqları izah edilib. Həmçinin uşaqlara uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar, ilk növbədə BMT və YUNİSEF haqqında, onların fəaliyyəti barəsində məlumatlar verilmişdir.